Xüms ilinin vaxtının dəyişdirilməsi
İllik xüms hesabının zamanını dəyişmək caizdirmi?
İllik hesabı hər nə qədər olsa, irəli çəkməyin heç bir maneəsi yoxdur. Lakin onu təxirə salmaq şəri hakimin icazəsi olmadan caiz deyil.
Qadınlar üçün xüms ili
Xüms ilini təyin etmək yalnız ailə başçısı olan və ailəni təmin edən kişilərə məxsusdur, yoxsa kişilərin himayəsi altında yaşayan, əlinə cüzi miqdarda bir şey gələn evdar qadınlara da aiddir? Bu qadınların əlində olanlara da xüms düşürsə, onların əmlakının təxmisi kişilərlə fərqlidirmi? (Belə ki, bəzi ağalar demişlər ki, ərli qadınlar əllərinə bir şey gələn kimi təxmis etməlidirlər).
Hər kəsin (illik) xərclərindən artıq qazancı olarsa, xüms ili təyin etməlidir. Üstündən bir il keçəndən sonra öz əmlakını təxmis etməlidir.
Xüms ilinin meyarı
İşçinin (qulluqçunun) xüms ilində meyar, aldığı ilk məvacibdir, yoxsa başqa bir zaman? Burada nəzərdə tutulan şəmsi ilidir, yoxsa qəməri?
Onun başlanğıcı ilk qazancdır. Qəməri və şəmsi ilinin hər ikisi caizdir.
Xüms ilinin əsnasında dünyadan gedən şəxs
Xüms ili İsfənd ayının sonunda olan şəxs, İsfənd ayının ortalarında dünyasını dəyişərsə, onun qoyub getdiyi, irs adı ilə yerdə qalmış və ötən ilin 11,5 ayına aid olan vəsaitə xüms düşürmü? Habelə mərhumə öz köhnə xalçasını, 25000 tümən qiymətində olan döşəməyə salınmamış yeni bir xalça ilə dəyişmişdir. Bu xalçanın qiymətinə xüms düşürmü?
O ilin gəlirinə xüms düşür. Lakin xalçaya ehtiyac duyulursa xümsü yoxdur.
Xüms ilinin hesablanması
Alimlər deyirlər ki, insanın illik hesabı olmalıdır. Əgər bir kəsin qazancı xərclərindən azdırsa, yenə də illik hesabı olması vacibdirmi?
Alimlər qazancından artıq qalmayan və pul (ehtiyat) yığa bilməyənləri yox, gəlirindən artıq qalan və əlində pul yığılan kəsləri nəzərdə tutmuşlar.