Qətllə nəticələnən havaya atəş
Üç nəfər hərbçi ərazidəki dağılmış səngərlərdə iş görürmüş. Başqa bir hərbçi üç yüz metr məsafədən onlara tərəf bir neçə dəfə atəş açır və güllələr onlardan birinin ölümünə səbəb olur. Qatil iddia edir ki, mən onların mülki vətəndaş olduğunu düşünüb oradan dağılışmaları üçün havaya atəş açdım. Bu yolla onları qorxutmaq istəyirdim. Onlara tərəf atəş açmaq niyyətim yox idi. Lakin onun iddiasını qəbul etmək mümkün deyil. Çünki, bir neçə nəfər onların hərbçi olduqlarını ona bildirmişdilər. Qatilin o şəxsləri gördüyünü və onlara tərəf bir neçə dəfə atəş açdığını nəzərə alsaq, habelə, onlara və ya konkret bir vətəndaşa atəş açmaq istəmədiyini qəbul etsək, bu qətl hadisəsi qəsdən adam öldürmə sayılır, yoxsa yox?
Bu şəxslərə tərəf açılan atəşin onları hədəf almaq məqsədilə olduğu sübut olunmayınca, qəsdən adam öldürmə sayılmır.
Polis məmurunun müttəhimlərə atəş açması
Polis məmuru ittiham olunmuş şəxsi təqib edərkən ona tərəf atəş açsa və müttəhim şəxs güllə yarasından həyatını itirsə, bu, qəsdən adamöldürmə sayılır, yoxsa ehtiyatsızlıq üzündən adamöldürmə? Hadisənin hökmü necədir?
Bu məsələ bir neçə şəkildə təsəvvür oluna bilər:1) Qaçmaqda olan şəxs, cəzası təzir olan xırda qanun pozuntusuna görə ittiham olunmuşdursa, havaya və ətrafa atəş açmaqdan başqa iş görmək olmaz. Çünki fərz etdiyimiz halda hətta cinayət sübut olunandan sonra belə, bu cəzaya məhkum olunmamalıdır. 2) Onun törətdiyi cinayətə ciddi reaksiya göstərməmək ictimai asayişi pozur və cəmiyyət üçün təhlükəlidir. Belə bir şəraitdə “əl-əshəl fəl-əshəl” qaydasından və ən aşağı mərhələlərdən istifadə etməklə ölçü götürmək lazımdır. Əgər, misal üçün, müttəhimin ayaqlarına atəş açmaqdan başqa yol qalmırsa, polis nəfəri də kifayət qədər təcrübəlidirsə, buna baxmayaraq atdığı güllə dəqiq olmamış və onun qətlinə səbəb olan yerinə dəymişdirsə, qanı hədərdir, yəni nə qisası vardır, nə də qanbahası. Çünki, şəri hakimin icazəsi ilə həyata keçirilən əməliyyatın qarşı tərəfin buna layiq olduğu halda qanbahası yoxdur.3) İctimai asayişi pozmasa da, cinayət ağır cinayətdir. Məsələn, bu kimi cinayətə (məsələn, müharibə şəraitində düşmənə silah aparan qaçaqçılara) qarşı tədbir görülməzsə, həssas məntəqələrdə onun qarşısı alınmazsa, müharibədə çox sayda itki veriləcəkdir. Belə bir şəraitdə də (qeyd olunan) şərtləri nəzərə almaqla atəş açmaq caizdir. Atəş qətllə nəticələrsə, qarşı tərəfin qanı (yuxarıda qeyd olunmuş şərtlərlə) hədərdir.
Avtomobil qəzasında ölüm
Qəza hadisəsində dünyasını dəyişmiş şəxs təqsirli bilinərsə, sürücü yenə də “səhvən adam öldürmə” cəzasına məhkum olunacaqmı? Yəni, ölənin diyəsi sürücünün aqiləsinə (qohumlarına) vacib olacaqmı?
Nəqliyyat hadisəsində qətl, xəta üzündən deyil. Əgər sürücü təqsirli bilinərsə, “ehtiyatsızlıq üzündən adam öldürmə” sayılır. Piyada təqsirli bilinən halda isə, misal üçün, özünü maşının altına atmışdırsa, heç bir diyəsi yoxdur. Əgər qətl hadisəsində onların ikisinin də rolu vardırsa, diyə sürücüdən onun xətasına mütənasib şəkildə alınmalıdır.
Zina baş verdiyini düşünərək zina edəni qətlə yetirmək
Bir şəxs kürəkəninin (qızının ərinin) onun arvadı ilə zina etməsini güman edib, qəsdən onu qətlə yetirir. Zina baş verdiyini bilmək qətlə əsas verirmi? Qatilin bu barədə qənaətinin qətlin növündə təsiri varmı? Bu mövzu qətlə yetirilənin qanının hədər olması etiqadına daxildirmi?
Zinadan baxəbər olmaq öz-özlüyündə qətlə əsas vermir. Yalnız onu öz arvadı ilə zina edən halda görərsə, bu halda onun qətli caizdir. Lakin məhkəmədə sübuta yetməyincə, “qəsdən adam öldürmə” sayılır. Bir şəxsin başqa birinin qanının hədər olmasını düşünərək onu öldürdüyü sübuta yetən hallarda, qəsdən adam öldürməyə bənzər cinayət sayılır.
Təmirçinin təhlükəsizlik qaydalarına diqqətsizliyi nəticəsində bir ailənin ölümü
Təmirçi və ya şirkətin qanuni nümayəndəsi qaz sobasını bir şəxsin mənzilində təhlükəsizlik qaydalarına əhəmiyyət vermədən və ya texniki səhvə yol verməklə, yaxud da borudan istifadə etmədən quraşdırır. Nəticədə ailə üzvlərinin hamısı qazdan boğularaq vəfat edirlər. Qan sahibləri təqsirli bilinən şəxsin əleyhinə şikayət edirlər. Sual budur: Şirkət nümayəndəsinin və ya təmirçinin texniki nasazlığa və yaxud təhlükəsizlik qaydalarına riayət olunmaması barədə ev sahibinə məlumat verməsi və ya verməməsi hallarında kim məsuliyyət daşıyır və hansı növ qətl baş vermişdir?
Əgər bu barədə onlara məlumat vermişdirsə, məsuliyyət daşımır. Vəziyyətin təhlükəli olmasına baxmayaraq xəbər verməmişdirsə, "ehtiyatsızlıq üzündən qətl" sayılır və öz əmlakından diyə verməlidir.
Cinayətkarların evdə terror edilməsi
Əfqanıstanın daxili müharibələrində aktiv iştirak edən bir şəxs digər bir şəxs tərəfindən öz evində terror olunur. Onun hökmü nədir?
Hər kəs bir mömini qəsdən qətlə yetirərsə, hökmü qisasdır. Əgər səhvə yol vermiş və xəta etmişdirsə, onun barəsində İlahi hökm şəriət hakimi tərəfindən icra olunmalıdır.
Günahsız insanın öldürülməsi
Bir kəs günahsız bir adamı öldürmək istəyir. Lakin hədəfin kimliyində səhv etdiyinə görə başqa bir günahsız şəxsi qətlə yetirir. Baş verən qətl hadisəsi hansı növdəndir?
Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).