Xüms verməyə qadir olmayan şəxslər
Bir şəxs müntəzəm surətdə əldə etdiyi nağd, nisyə, irs və bəzi vaxtlarda harama qarışmış puldan ibarət gəlirlə özünə mənzil, məişət avadanlığı almış və həddi-buluğa çatan zamandan bu saata kimi xümsünü haqq-hesab etməmişdir. İndi isə bunları hesablamaq (və xümsünü vermək) qərarına gəlmişdir. Onun mənzilinə və avadanlığına xüms düşür, yoxsa illik məxaric və müstəsna hal sayılır? Yeri gəlmişkən, fərz etsək ki, xüms düşür, o, bir milyon borca düşəcək və bunu ödəməyə (istər indi, istərsə də tədricən) qadir deyil. Çünki qazancı çox azdır. Bu şəraitdə şəri hakimlə və ya onun nümayəndəsi ilə ödəyə biləcək məbləğ çərçivəsində müsalihə edə bilərmi?
İndi və gələcəkdə ödəməyə qadir olmadığına əmindirsə, müsalihə edə bilər.
Meyitin vəzifələrini yerinə yetirməyə qadir olmayan əcir
Əgər insan bir meyyitin qəza namazını bir alimdən təhvil alaraq öhdəliyə götürsə və bir müddət keçəndən sonra onu yerinə yetirməyə qadir olmasa, o alim də dünyadan gedibsə, başqa bir şəxsi əcir tuta bilərmi?
Pul sahibini tanımırsa, başqa bir müctəhidin icazəsi ilə bir kəsi bu iş üçün əcir tuta bilər.
Qadının əxlaqsızlıq yolu ilə əldə etdiyi əmlak
Bir qadın öz etirafına görə neçə illər mütəmadi şəkildə əxlaqsız işlərə (fahişəliyə) məşğul olmuş və bu yolla məişətini təmin etmişdir. O, bu qanunsuz və haram qazancla ev-eşik əldə etmişdir. İndi tövbə etmək istəyir. Onun ev və digər avadanlıqdan ibarət əmlakının hökmü nədir?
Sahiblərini tanıyırsa onları sahiblərinə qaytarmalıdır. Tanımırsa məchulul-malik hökmündədir və onun özünün buna kiçik ehtiyacı varsa, şəriət hakimi onun tövbə etdiyini nəzərə alaraq bu əmlakı “rəddi-məzalim” ünvanı ilə ona verə bilər .
Uduşlu lotoreya biletinin pulu ilə alınan məkan
Bir şəxs tağut (şah rejimi) zamanında 5 tümənə uduşlu bileti aldı və 100 min tümən uduşa sahib oldu. Bu pulla bir ev aldı. Bu evdə namaz qılmaq caizdir?
Onu məchulul-malik adı ilə şəri hakimin icazəsi ilə sədəqə verməlidir. Özü buna layiq və möhtacdırsa, şəri hakimin icazəsi ilə ondan istifadə edə bilər.
Unudulmuş təşəhhüdün qəzası
Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Qaib olan şəxsin malına vilayət
Vəli (qəyyum) olmayan yerdə, qaib olan şəxsin malının vilayəti kimin öhdəsinə düşür?
Vəli olmayan yerdə qaib şəxsin malına vilayət şəri hakimin və ya şəri hakimin təyin etdiyi şəxsin öhdəsindədir. Hətta vəli olan yerdə də ehtiyat vacib, şəri hakimdən icazə almaqdır.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Sahibləri boşaldılmasına israr edən kirayə edilmiş məkanlarda namaz qılmaq
Kirayə götürülmüş bəzi dövlət idarələri və məkanlarının sahibləri bu məkanların boşaldılmasına israr edir və öz narazılıqlarını bildirirlərsə, bu binaların çarəsizlik üzündən hələ də dövlət orqanlarının ixtiyarında olduğunu nəzərə alsaq, belə məkanlarda namaz qılmağın hökmü nədir?
Qəti zərurət halında eybi yoxdur.
Həcc niyyəti edən şəxs üçün müstəhəb təvaf
Həcc ehramını niyyət edən və niyyəti düz olan (gerçəkləşən, hasil olan) şəxsin müstəhəb təvaf etməsi caizdirmi?
Ehtiyat budur ki, müstəhəb təvafı tərk etsin. Amma yerinə yetirsə həccə heç bir zərəri yoxdur.
Sərurənin naib olması
Sərurə (indiyə qədər həcc səfərinə getməyən şəxs), naib ola bilərmi?
Sərurə, istər kişi olsun, istərsə qadın, istər kişinin tərəfindən getsin istərsə də qadının tərəfindən, caizdir. Amma qadının naib olması, xüsusilə əgər naibi olduğu şəxs kişi olarsa, məkruhdur.
Sidik üçün qoyulan kisənin bulaşdığı hallar
Bir şəxsin bövlü və ya nəcisi ixtiyarsız ondan xaric olur. Kisə vasitəsilə bunun sair yerlərə yayılmasının qarşısını alır. Namazdan əvvəl kisə nəcisə bulaşarsa, onu dəyişmək vacibdirmi? Əgər kisə pak olsa və namaz halında nəcis və ya bövl ixtiyarsız ondan xaric olarsa, hökm nədir?
Bövl və ya qaiti dalbadal çıxan şəxs gərək hər dəstəmazdan sonra dərhal namaza başlasın. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün yenidən dəstəmaz almaq lazım deyil. Bu şərtlə ki, namazla bu işlər arasında fasilə salmasın. Namaz halında (nəcisə) bulaşmış kisəni üstündə saxlaması namazı batil etmir.
Nəcisin quyu suyunda təsiri
Xuzistan vilayətinin kəndlərindən birində qəlil suyu olan üç quyu bir-birinin yanındadır. Bu quyuların birindən it su içib (yalayıb) və digərinə nəcis bir şey tökülüb. Amma üçüncüsü pakdır. Lakin biz onlardan hansının pak olduğunu bilmirik. Bu halda şübhə, məhsurə (məhdud, sayı məlum olan) sayılır? Onların hamısından çəkinmək lazımdır?
Əgər bunlar su çıxan (qaynayan) adi quyulardırsa, sadəcə nəcisə toxunmaqla nəcis olmurlar. Yalnız o halda nəcis olur ki, onların rəngi, iyi və dadı dəyişmiş olsun.
Təşəhhüddə Həzrət Əlinin (əleyhis-səlam) vilayətinə şəhadət vermək
Namazın təşəhhüdündə Əmirəl-möminin Əli ibn Əbi Talib (əleyhis-səlam)-ın vilayətinə şəhadət vermək olarmı?
Məsum İmamların (əleyhimus-salam) üçüncü şəhadəti artırmağa icazə vermədiklərini nəzərə alsaq, bu iş səhih deyil. Belə hallarda bizim vəzifəmiz məsumların (əleyhimus-salam) göstərişlərinə tabe olmaqdır.
Həcc niyyəti edən şəxs üçün müstəhəb təvaf
Həcc ehramını niyyət edən və niyyəti düz olan (gerçəkləşən, hasil olan) şəxsin müstəhəb təvaf etməsi caizdirmi?
Ehtiyat budur ki, müstəhəb təvafı tərk etsin. Amma yerinə yetirsə həccə heç bir zərəri yoxdur.