Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

İqrardan sonra inkar hallarında cəzanın ləğvi

İqrardan sonra inkarın, daşqalaq və edam hökmünün götürülməsinə səbəb olduğu hallarda cəza özünün bütün növləri ilə; istər daşqalaq, istər edam, istərsə də yüz şallaq zərbəsi tamamilə götürülür, yoxsa Hələbinin nəql etdiyi iki səhih hədisdə göstərildiyi kimi, şəri hakim daşqalaq və edamın götürülməsini nəzərə almaqla onu şallağa məhkum edə bilər?

Cəza bütövlükdə götürülür, lakin təzir hökmünün qüvvədə qalmasını da ehtimal etmək olar. Bu bölmədə Hələbinin hədisi isə fəqih alimlər tərəfindən “məqbul” (əməl olunan) sayılmamışdır. Yalnız bir neçə alim ona müvafiq fitva vermişlər. Buna görə də ona uyğun olaraq əməl etmək icazəli deyil.

Zina edən kişi ilə qadın bir-biri ilə evlənərsə, zinanın cəzası

1) Zinakar kişi, bakirə və zina nəticəsində hamilə qalan qızla nikah bağlasa, onun cəzası qüvvədən düşürmü, yoxsa qızın qəyyumlarının (ailə başçılarının) razılığı lazımdır? 2) Qızın qəyyumları buna razı olmasa və onu zina edən kişinin nikahına keçirməsələr, başqa bir şəxs bu qızla evlənə bilərmi? Bu halda zinanın cəzası necə olacaqdır?

1) Cəza nikahla və ya qəyyumların razılığı ilə ləğv olunmur. Lakin bu məsələ şəriət hakimi üçün iqrar formasında (dəlil, sübutla deyil) sübuta yetərsə, məsləhətləri nəzərə almaqla onun günahından keçə bilər. 2) Eybi yoxdur. Cəza hökmü yuxarıda qeyd edilən şəkildədir və bu işlə aradan getmir.

İnsan ölümündə bir neçə amilin müdaxiləsi

Dava-dalaş zamanı tərəflərdən birinin qəsdən vurduğu zərbə nəticəsində zərərçəkənin kəllə sümüyü sınmış və beyninə qan sızmışdır. Xəstəxanada onun başında cərrahiyyə əməliyyatı aparılmış və təxminən iki həftədən sonra həzm sistemində qanaxma baş vermişdir. Buna görə də yenidən (on iki barmaq bağırsaqda qanaxmanın qarşısını almaq üçün) cərrahiyyə əməliyyatı aparılmış və bu əməliyyatdan sonra xəstə müalicə həkiminin icazəsi olmadan – öz yaxınlarının razılığı ilə xəstəxanadan çıxarılmış və digər xəstəxanaya köçürülmüşdür. İki gündən sonra o, həmin xəstəxanada dünyasını dəyişmişdir. Həkimlərdən ibarət komissiya ölümün səbəbinin qarın boşluğunda baş verən iltihabdan qana keçən irinin olduğunu müəyyən etmişlər. Onlar həm də qeyd etmişlər ki, sözü gedən iltihabın yaranmasında müxtəlif amillərin təsiri olmuşdur, o cümlədən 1) kəllə sümüyünə vurulan və qanaxmaya səbəb olan zərbə - 70%, 2) xəstənin orqanizmində öncədən mövcud olmuş problemlər - 15%, 3) xəstənin ehtiyac duyulmadan təkrar şəkildə digər xəstəxanaya köçürülməsi 15%. Xahiş edirik ki, qəsdən və yaxud ehtiyatsızlıq üzündən adam öldürmə hallarını nəzərə almaqla cinayətkarın törətdiyi cinayət barəsində, habelə, can diyəsi və ya üzv diyəsinin ödənilməsi barəsində öz mübarək rəyinizi bəyan edəsiniz.

Əgər etibarlı ekspertlərin qənaətinə görə xəstənin yerini dəyişməsəydilər, dünyasını dəyişməz, əksinə sağalardısa, bu halda onun başına zərbə vuran şəxs yalnız kəllə sümüyünün sınması üçün diyə ödəməlidir. Ehtiyatsızlıq üzündən adam öldürmənin diyəsini isə xəstənin yerini dəyişənlər ödəməlidir. Əgər onun ölümündə hər iki işin təsiri olmuşdursa, hər biri insan diyəsindən bir hissəsini yuxarıdakı tənasübə uyğun ödəməlidir. Amma bu ikisinin arasındakı fərq çox da böyük olmasa, diyəni bərabər şəkildə ödəyə bilərlər.

İş yerində üzvlərini itirən fəhlələr

Daş karxanasında dəzgah və daş kimi bütün avadanlığın hamısını sex sahibi gətirir. O, fəhlə ilə müqavilə bağlayır ki, məsələn, hər 1 metr daşı onun üçün min tümənə emal edəcək. Əgər fəhlə işləyərkən əli daşın altında qalıb kəsilərsə, əlin diyəsini sex sahibi verməlidir?

Əgər bu barədə karxana sahibi ilə müqavilə bağlamamışdırsa və dəzgahın səhv tənzimlənməsində onun heç bir təqsiri yoxdursa, onun öhdəsinə heç bir diyə düşmür. Bundan əlavə, belə zərərləri ödəmək "əmək qanunu" məcəlləsində qeyd olunmuşdursa və onlar bu qanuna əsasən şəxsləri işə götürürlərsə, bu da öz növbəsində müqavilə hökmündədir.

Zarafatla deyilən qara xəbər nəticəsində ölüm

Ürəyi xəstə olan bir şəxsə öz dostu telefon vasitəsilə zarafat edərək yalandan övladının öldüyünü xəbər verir və o da infarkt keçirərək dünyasını dəyişir. Məsələnin hökmü necədir?

Əgər onun söylədiyi yalan nəticəsində dünyadan getdiyinə yəqini varsa, onun diyəsini verməlidir. Əgər onun ürəyinin xəstə olduğunu və belə bir xəbərin bu kimi xəstələrin həyatı üçün təhlükəli olduğunu bilirdisə, onun barəsində qisas hökmünün də icra olunması ehtimalı var.

Zina baş verdiyini düşünərək zina edəni qətlə yetirmək

Bir şəxs kürəkəninin (qızının ərinin) onun arvadı ilə zina etməsini güman edib, qəsdən onu qətlə yetirir. Zina baş verdiyini bilmək qətlə əsas verirmi? Qatilin bu barədə qənaətinin qətlin növündə təsiri varmı? Bu mövzu qətlə yetirilənin qanının hədər olması etiqadına daxildirmi?

Zinadan baxəbər olmaq öz-özlüyündə qətlə əsas vermir. Yalnız onu öz arvadı ilə zina edən halda görərsə, bu halda onun qətli caizdir. Lakin məhkəmədə sübuta yetməyincə, “qəsdən adam öldürmə” sayılır. Bir şəxsin başqa birinin qanının hədər olmasını düşünərək onu öldürdüyü sübuta yetən hallarda, qəsdən adam öldürməyə bənzər cinayət sayılır.

Fəhlənin ehtiyatsızlıq üzündən həyatını itirməsi

Sahibkar işində kifayət qədər peşəkar və təcrübəli olan 50 yaşlı qazmaçı ustanı quyu qazmaq üçün işə götürür. O da quyu qazarkən quyunun içinə girən zaman ayağı sürüşərək quyuya düşüb dünyasını dəyişir. Sual budur ki, vəfat etmiş şəxsin varisləri yer sahibindən haqq tələb edə bilərlərmi?

Yuxarıdakı şəraitdə yer sahibi heç bir məsuliyyət daşımır. Yalnız bu halda məsuliyyət daşıya bilər ki, quyu qazılan yer fərqli xüsusiyyətlərə malik olsun, bu da təhlükə ilə nəticələnsin və sahibi də bunu bilə-bilə, xəbərdarlıq etməkdə səhlənkarlığa yol vermiş olsun.

Avtomobil qəzasında ölüm

Qəza hadisəsində dünyasını dəyişmiş şəxs təqsirli bilinərsə, sürücü yenə də “səhvən adam öldürmə” cəzasına məhkum olunacaqmı? Yəni, ölənin diyəsi sürücünün aqiləsinə (qohumlarına) vacib olacaqmı?

Nəqliyyat hadisəsində qətl, xəta üzündən deyil. Əgər sürücü təqsirli bilinərsə, “ehtiyatsızlıq üzündən adam öldürmə” sayılır. Piyada təqsirli bilinən halda isə, misal üçün, özünü maşının altına atmışdırsa, heç bir diyəsi yoxdur. Əgər qətl hadisəsində onların ikisinin də rolu vardırsa, diyə sürücüdən onun xətasına mütənasib şəkildə alınmalıdır.‌

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت