Talağı verilmiş anaya oğlundan çatan irs
Bir qadın iyirmi beş ilə bundan qabaq ərindən talaq almışdır və onun ərindən bir oğlu və bir qızı vardır. Kişi isə başqa bir qadınla evlənmiş və ondan da bir qızı vardır. Ona da iyirmi il bundan öncə talaq vermiş və üçüncü qadınla evlənmişdir. Ata və oğlu avtomobil qəzasında vəfat etmişdir, onların hansının daha tez öldüyü məlum deyil. Talaq alan qadın iddia edir ki, oğlunun heç bir əmlakı yoxdur. O, atası ilə bir yerdə yaşayırdı və subay idi. Ona atasından irs çatmalı və bu irs ona verilməlidir. Ona irs çatırmı? (Qeyd etmək lazımdır ki, atanın aşağıdakı varisləri var: iki qızı, anası və hal-hazırda onun evində yaşayan arvadı.)
Bu kişinin irsi iki qıza, avtomobil qəzasına düşən oğlana, həyat yoldaşına və anasına çatır. İrsin səkkizdə bir hissəsi həyat yoldaşına, altıda bir hissəsi anasına çatır. Yerdə qalanı 4 hissəyə bölünür: iki hissəsi avtomobil qəzasına düşən oğlana və (varisinin yalnız anası olduğu təqdirdə) onun tərəfindən anasına çatır. Qızlarından hər birinə isə bir pay çatır.
Oğlanlar və qızlar arasında irsin bərabər bölgüsünə vəsiyyət
İki il öncə anam ömrünü sizə bağışladı. Onun dörd oğlan və üç qız övladı qalmışdır. Mərhumdan qalan irs on milyon tümən dəyərində olan bir mülkdür. Biz hamının irs payını vermək üçün onun satmaq qərarına gəlmişdik. Bacılarım isə anamdan qalan bir əlyazmanı göstərirlər. Bu əlyazmanın məzmunu belədir ki, irsin bölünməsində qız və oğlan övladlar arasında heç bir fərq qoyulmasın və hamı eyni hüquqa malik olsun. İndi hamımızın bu əlyazmanın doğruluğunu, yəni onun anamız tərəfindən yazıldığını qəbul etdiyimizi, lakin qardaşlardan bəzisinin ən azından ürəklərində buna razı olmadıqlarını nəzərə alsaq, şəri vəzifənin necə olduğunu buyurun.
Ananın öz əmlakının üçdə birindən istifadə etmək haqqı olduğunu nəzərə alsaq, qızların irs payı barəsində dediklərinin heç bir eybi yoxdur. Çünki, sözü gedən fərq üçdə birdən az olacaqdır. Buna görə də ana necə vəsiyyət etmişdirsə, elə də əməl etməlisiniz.
Varislər ər, ata, ana və bir qızdan ibarətdirsə
Əhməd Fatimə adlı bir qadınla daimi nikah bağladı. Onların mehriyyəsi bir milyon tümən dəyərində təyin olundu və onun iki yüz min tümən məbləğində olan hissəsi nağd şəklində ödənildi. Yerdə qalan hissəsi isə Əhməd tərəfindən səkkiz yüz min məbləğində çek kimi Fatimənin adına yazıldı. Bu çek müəyyən şərtlərə uyğun olaraq əmanət şəklində mənim əlimdədir. Sözü gedən xamın bir neçə müddətdən sonra vəfat etdi və hal-hazırda həyatda olan birinci ərindən bir qız övladı da var. Bu qız onun atasının yanında yaşayır. Mərhumun atası, cənab Əhmədin mərhum üçün yazdığı çekin ona verilməsi barədə təklif irəli sürür. Əlavə etmək lazımdır ki, mərhumun ata-anası sağdır və mərhumun bir neçə qardaş-bacısı da var. Bu müqəddiməni nəzərə almaqla aşağıdakı suallara cavab verin:1) Mərhumun varisləri kimlərdir?2) Hal-hazırda mərhumun atasının yanında yaşayan qızının bu çekdən olan payı nə qədərdir?3) Şəri baxımdan bu çeki mərhumun atasına verə bilərəmmi ki, o da mərhumun həyat yoldaşına versin? 4) Şəri baxımdan mənim bu çeki saxlamaqla, onların yazdıqları şərtlərlə və hakim (münsif) olmağımla əlaqədar vəzifəm nədir?
1) Onun varisi həyat yoldaşı, ata-anası və o bir qızdır (qadının başqa uşağının olmamağı şərtilə). Həyat yoldaşı onun əmlakının dörddə birini irs olaraq götürür. Yerdə qalanları isə aşağıdakı şəkildə bölünür: Ata və ananın hər birinə irsin altıda biri çatır. Altı payın beşdə ikisi isə qıza çatır. 2 və 3) Çekin məbləği varislərin hamısına aiddir. Atanın isə yalnız öz payını bağışlamaq haqqı vardır. Sizin çeki müəyyən bir şəxsə təhvil verməyə haqqınız yoxdur, onun hamının ixtiyarına verməlisiniz. 4) Siz varislərin hamısına xəbər verməlisiniz ki, çekin müqəddəratını həll etsinlər.
Nikahları səhih olmayan ər-arvadın irsi
Vəkil əqd siğəsini səhv oxuyubsa, bu kişi və qadının övladlarına irs çatırmı? Bu kişi və qadına bir-birlərindən və vəfat etdikləri təqdirdə övladlarından onlara irs çatırmı?
(Bu halda) övladlarına ata-anadan və anaya övladlardan irs çatır. Lakin ərlə arvada bir-birlərindən irs çatmır.
Ər və uşaqların eyni zamanda öldüyü təqdirdə qadının irsi
Bir şəxs üç uşağı ilə birlikdə dəm qazından boğularaq dünyasını dəyişmişdir və onların hansı birinin əvvəl və hansının sonra vəfat etdiyi məlum deyil. Bunu da qeyd etmək lazımdır ki, bu uşaqların heç bir əmlakı yoxdur. Atanın varisi hal-hazırda arvadı, atası və anasıdır. Onlar irsi hansı şəkildə bölməlidirlər?
Uşaqların səhmi atanın malından götürülməli və onların vərəsələrinə verilməlidir. Yerdə qalanı isə atanın varislərinə çatmalıdır.