Xüms hesabı olmayan şəxslərin həcci
Bəzi şəxslər ömürlərinin əvvəlindən Məhəmməd və Ali Məhəmməd (s) xümsünə dair hesab-kitab aparmır və həmin vəziyyətdə təməttö həccinə və müfrədə ümrəyə gedirlər. Onların həclərinin hökmü necədir?
Onların ehram və qurbanlıqlarının pulu ondan olmasa, səhihdir. Əks halda işkalı var və hər bir halda günah etmişdir.
Xüms verməyə qadir olmayan şəxslər
Bir şəxs müntəzəm surətdə əldə etdiyi nağd, nisyə, irs və bəzi vaxtlarda harama qarışmış puldan ibarət gəlirlə özünə mənzil, məişət avadanlığı almış və həddi-buluğa çatan zamandan bu saata kimi xümsünü haqq-hesab etməmişdir. İndi isə bunları hesablamaq (və xümsünü vermək) qərarına gəlmişdir. Onun mənzilinə və avadanlığına xüms düşür, yoxsa illik məxaric və müstəsna hal sayılır? Yeri gəlmişkən, fərz etsək ki, xüms düşür, o, bir milyon borca düşəcək və bunu ödəməyə (istər indi, istərsə də tədricən) qadir deyil. Çünki qazancı çox azdır. Bu şəraitdə şəri hakimlə və ya onun nümayəndəsi ilə ödəyə biləcək məbləğ çərçivəsində müsalihə edə bilərmi?
İndi və gələcəkdə ödəməyə qadir olmadığına əmindirsə, müsalihə edə bilər.
Xümsün hesablanma qaydası
İndiyə kimi xüms verməyənlərin yalnız nağd pulları hesablanmalıdır, yoxsa məişətinə lazım olan hər şeyi də mühasibə etməli və ya müsalihə etməlidir?
Bütün əmlakını hesablamalıdırlar. Məişətinə lazım olan avadanlığı və başqa şeyləri isə şəri hakimlə müsalihə etsinlər.