Şərikliyin pozulması
Aldığı maşının qiymətini ödəmək üçün yüz min tümən pula ehtiyacı olan şəxs öz dostuna müraciət etmiş və bu pulu ondan almış və onun pulu qaytarılan zaman öz dəyərini itirməməsi üçün onu maşının altıda bir hissəsinə şərik etmişdir. Bu işin hökmü nədir? Bu müamiləni poza bilərmi?
Əgər maşının altıda bir hissəsinə dair onun müamiləsi ciddi imişsə, müamilə səhihdir və onu öz tərəfindən (bir tərəfli) poza bilməz. Əgər müamilə zahiri imişsə, öz pulunun miqdarından (yüz min tüməndən) artıq bir şey tələb etməyə haqqı yoxdur.
Pozmaq ixtiyarı olmadan müamiləni pozmaq
Bir şəxs digərinə bir Quran satmış və bir müddətdən sonra gəlib deyir ki, o əlyazma nüsxəsidir və mən (alverdə) zərər etmişəm. Alıcıya onu qaytarmaq lazımdırmı?
Əgər fəsx etmə haqlarından biri ona şamil olursa, məsələn, ğəbn ixtiyarı, eyb ixtiyarı və sair, bu halda poza bilər, qeyri-halda pozmağa haqqı yoxdur.
Müamiləni pozmaq haqqını almaq
Bir şəxs digərindən bağ alır və onun pulunun yarısını ödəyir, digər yarısını isə notariusa saxlayıb, şərt edirlər ki, hər kəs peşman olsa, digərinə 1 milyon tümən versin. Bir neçə gündən sonra satıcı peşman olur və müamiləni pozur. Bu fəsx işi səhihdirmi?
Onun fəsxi (pozması) səhihdir və bir milyon tüməni alıcıya verməlidir.
Əmlakın qüsurlu olduğu halda müamilənin pozulması
Bir şəxs mənzilini 2 milyon tümənə satmış və özü üçün müamiləni pozmağa ixtiyar nəzərdə tutmamış, sənədləşdirmək üçün bələdiyyə idarəsinə müraciət etmişdir. Bələdiyyənin eksperti binanın yuxarı mərtəbəsində artıq hissəyə görə 40 min tümən məbləğində cərimə yazmış və balkonun sökülməsinə dair göstəriş vermişdir. Balkonu sökməklə onun üstündə yerləşən, yuxarı mərtəbədəki otağın 1 metri də söküləcəkdir. Bələdiyyə idarəsi satıcıya demişdir ki, balkon sökülmədən sənədin rəsmiləşdirilməsinə icazə verilməyəcəkdir, lakin özün orada yaşasan, cərimə ilə, balkonu və yuxarıdakı otağın bir hissəsini sökməklə işimiz olmayacaqdır. İndi satıcı cəriməni ödəməli, balkonu və onun yuxarısındakı otağın bir metrini sökməli və mənzili danışılan qiymətdən az qiymətə alıcının istifadəsinə verməlidir, yoxsa burada “la zərər” qaydası icra olunur və bu zərəri satıcıdan kənarlaşdırır, belə ki, satıcının müamiləni pozmağa və alıcının pulunu qaytarmağa haqqı var? Xahiş edirik, cavab verəsiniz.
Əgər satıcı mülkü notariat kontorunda təhvil verməyi öhdəliyinə götürmüşdürsə, öz öhdəliyinə əməl etməli və ona dəyən zərəri qəbul etməlidir. Sonra qiymət arasındakı fərqi müştəriyə qaytarmalıdır. Müştəri də qiymət fərqini qəbul etməklə müamiləni pozmaq arasında ixtiyar sahibidir.
Müamiləni şifahi şəkildə pozmaq
Müamiləni pozmaq üçün dildə deməkdən əlavə, nə isə bir iş görmək lazımdırmı ki, müamilənin pozulmasına dəlil olsun?
Dillə müamiləni pozmaq təklikdə kifayətdir olduğu kimi, əməldə də pozmaq öz-özlüyündə kifayətdir.
Müamiləni pozmaq haqqının şərti
Rəsmi və qanuni müamilələrdən öncə adətə çevrilmiş adi müqavilələrdə müəyyən miqdarda pul, müamiləni pozmaq haqqı üçün şərt olunur:1) Bu şərt müqəddəs İslam şəriəti baxımından səhihdirmi?2) Tərəflərdən hər biri müamiləni pozsa, qarşı tərəf müamiləni pozmaq haqqı üçün nəzərdə tutulan məbləği ondan ala bilərmi?3) Belə müqavilələr şəri və qəti müamilələrdən sayılırmı və ümumiyyətlə, şəri cəhətdən səhihdirmi və hər iki tərəfin ona riayət (əməl) etməsi lazımdırmı?
1) Əgər müamilə qətidirsə və hər iki tərəfdən birinin filan məbləği ödəməklə müamiləni pozmaq haqqına malik olmasını şərt qoyublarsa, bu şərt səhihdir. Lakin qəti müamilə baş tutmamışdırsa, deyilən məbləği almaq caiz deyil. 2) Yuxarıdakı cavabdan məlum oldu. 3) Müqavilələr müxtəlifdir. Onların bəzisində qəti müamilənin baş tutması aydın şəkildə qeyd olunur və bəzisi isə belə deyil. Hər birinin də yuxarıda qeyd olunduğu kimi, özünə məxsus hökmü var.
Şərtə əməl olunmayanda müamilənin öz-özünə pozulması
Zeyd bir imarəti kredit şəklində (pulunu hissə-hissə verməklə) digərinə satır və iki tərəf arasında belə qərara alınır ki, “hissə-hissə olan çeklər ödənməli və ya razılıq əldə olunmalıdır, əks halda müamilə pozulur. Binanın pulunun hamısı ödəniləndən sonra, satıcı notariusa gəlməli və sənədi alıcının adına keçirməlidir.” Sual budur ki, əgər alıcı çeklə ödəməli olduğu borcun bir hissəsini qərar qoyulmuş müddətdə ödəməsə, satıcı bu müamiləni poza bilərmi? Yaxud şərtə görə müamilənin nəticəsi öz-özünə pozulurmu? Yaxud da pozulmaq və pozmaq üçün heç bir yol yoxdur?
Məsələdə fərz olunduğu kimi, şərt pozulan halda satıcı özü üçün müamiləni pozmaq hüququ nəzərə almışdır və pozmağa haqqı var. Lakin əgər “nəticə şərti” şəklində demişdirsə, bu müamilə, nəticə şərtini səhih bilən şəxslərin nəzəriyyəsinə görə öz-özünə pozulur. Biz nəticə şərtində ehtiyat etdiyimizə görə, əhvət budur ki, belə yerdə müsalihə etsinlər (razılaşsınlar).
Satılmış malın müamilədə nəzərdə tutulduğundan az olması
Əgər bir kəs filan ölçüdə torpaq sahəsinə sahib olduğunu qeyd edib onu satsa və müamilədən sonra müştəri bu torpaq sahəsinin ölçüsünün az olduğunu başa düşsə, müamilə bütövlükdə batildir, yoxsa müştəri az olan ölçüyə mütənasib olaraq pulun bir hissəsini satıcıdan ala bilər?
Müamilə mövcud olan miqdar barəsində səhihdir, lakin tərəflərin xəbəri yox idisə, hər ikisinin müamiləni pozmaq ixtiyarı var.
Alıcı tərəfindən məbləğin bir hissəsinin tələb olunması
Əgər müştəri öz pulunun yarısını istəsə, satıcı da öz razılığı ilə istənilən məbləğin hamısını ödəsə, pulun istənilməsi və qaytarılması hər iki tərəfin razılığı ilə olduğu üçün bu, müamilənin pozulması deməkdirmi?
Əgər pulu verən və alan şəxslərin gördükləri iş bu müamilə ilə bağlıdırsa, müamilənin yarısı pozulmuş olur. Əgər borc kimi digər məqsədləri olsa, müamilə öz qüvvəsində qalır.
Sahibinin razılığı olmadan torpaq sahəsinin hökumət tərəfindən satın alınması
“Zəminşəhri” və ya digər orqanların əkinçilərin razılığı olmadan əkin sahələrini onlardan (zorla) almasının hökmü nədir?
Kiminsə şəri mülkiyyətini razılığı olmadan ondan almağa heç bir kəsin haqqı yoxdur. Müamilə edilməsi fərzində də məbləğ iki tərəfin razılığı ilə təyin olunmalıdır. Əgər zorla alsalar o torpaqlar qəsbidir. Orada namaz qılmağın işkalı var. Hər vaxt zərurət, müsəlmanların məsləhəti üçün bir mülkü sahibindən almağı tələb edərsə, onunla razılaşmaq lazımdır və ya heç olmazsa, günün ədalətli qiymətini ödəməlidirlər. Əgər bir mülkün sahibinin kim olmasında ixtilaf varsa, şəriət baxımından səlahiyyətli məhkəmələrə müraciət etmək lazımdır.