Borc verənlə müəyyən məbləğin müsalihəsi
Müəyyən müddətə borc almaq istəyən bir şəxs, bir məbləğdə pulu borc verənlə sülh edib bu müsalihə əsnasında sözü gedən borcu şərt edə bilərmi, məsələn, deyir ki, 50000 tüməni səninlə sülh edirəm, bu şərtlə ki, 200000 tümən pulu 10 ay müddətində mənə borc verəsən və o da bu sülhü qəbul edir?
İşkalsız deyil.
Məhsul almaq şərtilə verilən borc
Bir şəxs problemlərə görə digərindən pul alsa və pul verən belə desə: “Bu şərtlə sənə pul verirəm ki, məhsul yığılan zaman buğdanın hər kiloqramını filan qiymətə mənə satasan” və fərz etsək ki, məhsul yığımının vaxtı çatmayıb, qiymət də qeyri-müəyyəndir, bu halda pul almağın hökmü nədir?
Bu borc və bu müamilə batildir.
Borc əvəzində Quranın təlimini şərt etmək
Əgər bir şəxs digərinə borc pul verib “bu şərtlə sənə borc verirəm ki, sən də müqabilində mənim övladlarıma Quran təlim edəsən” – bu iş caizdirmi?
Ehtiyat budur ki, belə bir şərt tərk edilsin.
Təxirdən dəyən zərəri almaq üçün əqdin daxilində şərt qoymaq
Əgər borcun təxirlə ödənilməsindən dəyən zərər, “lazım” müqaviləyə əlavə olunmuş şərt şəklində olarsa, onu almaq caizdirmi?
Əgər digər “lazım” əqdin daxilində şərt olunarsa, caizdir.
Təxirdən dəyən zərəri kafirlərdən almaq
Bu kimi zərərləri kafirlərdən almaq caizdirmi?
Əmlakı bizim üçün halal olan kafirlər barəsində, maneəsi yoxdur.
Pulun dəyərdən düşdüyü miqdarda təxirdən dəyən zərəri almaq
Pulun müntəzəm olaraq dəyərdən düşdüyünü nəzərə almaqla, bu baxımdan təxirdən dəyən zərəri almaq olarmı?
Caiz deyil. Lakin zaman fasiləsi o qədər çox olsa ki, pulun dəyəri həddindən artıq aşağı düşsün, məsələn, on-iyirmi il öncə, bu halda eybi yoxdur.
Təxirə görə ödənişlərin şəriət baxımından düz olmaması
Borcun təxirlə qaytarılmasından əmələ gələn xəsarət və ziyan, şəridirmi?
Bu ziyan və xəsarət şəri deyil.
Öncədən şərt qoyulmadan verilən borcun müqabilində hədiyyə almaq
Zeyd öz pulundan bir miqdarını bank şöbələrinin birinə və ya bir şəxsə hər hansı ünvanla vədiə (əmanət) verərək ona istifadə etməyə icazə verir. O da pul sahibinə təşəkkür etmək üçün və ya başqa bir ünvanla hər ay və ya hər iki aydan bir, öncədən şərt qoyulmadan müəyyən məbləğdə pul ödəyir. Həzrət ustadın nəzərincə bu məbləğdə pulu vermək və almaq necədir?
Öncədən şərt olmasa, eybi yoxdur.