Böyrək alveri
Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir?
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq caizdir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün müqabilində yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
Tağut rejiminin təbəələrinin əmlakı
Tağut (şah) rejimindən olan fərarilərin qalmış əmlaklarının hökmü nədir?
Əgər sözü gedən əmlak qanuni yolla əldə olunmuşdursa, onu sahibindən və ya sahibinin varislərindən almaq olmaz, habelə əgər şübhəli olarsa (da almaq olmaz). Amma əgər şəri dəlillərlə onun qeyri-qanuni olması sübuta yetərsə, bu halda onun əsil sahibi məlumdursa, əsil sahibinə vermək lazımdır, əgər məchulul-malikdirsə (maliki naməlumdursa), şəri hakimin vasitəsilə fəqirlərə çatmalıdır.
Torpağın qiymətinin qalan hissəsini günün qiyməti ilə ödəmək
Təxminən 16 il bundan öncə, bir neçə parça torpaq sahəsi müqavilə əsasında bir neçə nəfərə satılmış və onlardan müəyyən məbləğdə pul alınmışdır. Adət üzrə torpağın qiymətinin qalan hissəsi notariat kontorlarının birində sənəd, rəsmi şəkildə birindən digərinə keçirilənə kimi təxirə salınmışdır. İslam İnqilabı başlanan zaman işlər bir-birinə qarışdı və sənədin rəsmiləşdirilmə işləri yerdə qaldı. Nəticədə, alıcılara müraciət olundu və onlardan biri müəyyən məbləğdə pul ödədi, qalanları isə müxtəlif bəhanələrlə məbləğin qalanını vermədilər. Lakin sənədləri almaq üçün özləri Şəhər torpaq idarəsinə, Əmlak və Sənədlərin qeydiyyata alınma idarəsinə getmiş və sənəd istəmişlər. İslam Şurası Məclisinin qərarına görə sənədlərin qeydiyyata alınması idarəsi tərəfindən yer sahibinin razılığı şərt olunduğu üçün məni çağırdılar. Təyin olunmuş vaxtda oraya gedib bildirdim ki, alıcıların əvvəlcə ödədikləri məbləği təyin olunmuş dəyərlə qəbul edirəm. Pulunu ödəmədikləri qismi barəsində isə, pulun rial dəyərini, qiymətlərin məzənnəsini və vaxtın ötməsini nəzərə alıb, əmlak və sənədlərin qeydiyyata alınması idarəsinin məsul işçilərindən xahiş edirəm ki, ekspert təyin edərək günün məzənnəsi – hətta bir miqdar alıcıların xeyrinə qərar çıxarmaqla – mühasibə edilsin, əks halda sənədləri imzalamaqdan imtina edəcəyəm. Bu məsələnin şəri hökmü nədir?
Əgər alıcılar pulun qalanını ödəməkdə səhlənkarlıq etmiş, malik isə pulu qəbul edib, sənədlərin rəsmiləşdirilməsinə hazır imişsə və zamanın ötməsi səbəbindən qiymətlər arasındakı fərq nəzərə çarpacaq dərəcədə çox artmışsa, satıcının razılığın əldə etməlidirlər. Lakin yer sahibi səhlənkarlıq etmişsə, o məbləğdən artığını istəməyə haqqı yoxdur.
Rüşvətdən əldə olunan mənfəət
Rüşvət alan şəxsin əməlinin nəticəsi olan, – rüşvət verilən maldan hasil olan mənfəətlər kimin malı sayılır?
Əsil sahibinin, yəni pul sahibinin malıdır.
Alış-veriş müəssisəsinə zəhmət haqq ödəmək
Mənim daşınmaz əmlak alış-verişi üçün müəssisəm var. Bir bir müddət öncə cənab Zeyd öz qardaşına mənzil almaq üçün müəssisəyə müraciət etdi. Mən satılan mənzili ona və möhtərəm qardaşına göstərdim və o mənzilə baxıb onu bəyəndi. Az bir müddətdən sonra satıcı və alıcı müəssisəyə müraciət etmədən müqavilə bağlayıb mənzili müamilə etdilər. Hal-hazırda müştəri adı ilə müraciət edən bu iki qardaş mənim haqqımı verməkdən boyun qaçırırlar. Sualım budur ki, şəriətə əsasən onlar müqaviləni bağlamaq üçün müəssisəni xəbərdar etməli və mənim zəhmət haqqımı verməli idilərmi? (Yeri gəlmişkən, biz də rüsum ödəməliyik. Əgər ev göstərdiyimiz hər kəs özü gedib müqavilə bağlasa, bizim xərclər haradan təmin olunmalıdır?)
Şəriət baxımından, müəssisə sahibinin haqqını ödəməlidirlər və bu işlə onun haqqını tapdalamağa haqları yoxdur.
Dövlətin torpaq sahələrinin əsil sahiblərindən razılıq almaq
Mən şəhər torpaq idarəsindən bir qədər torpaq sahəsi almışam. Lakin deyilir ki, bu torpaq sahəsinin bir hissəsi bəzi şəxslərin torpağı olmuşdur və hal-hazırda bilmirəm ki, sahibi bu təsərrüfə razıdır ya yox. Bu istiqamətdə bizim vəzifəmiz nədir? Sahibinin razılığını məlum etmək lazımdırmı?
Sahibinin razılığını hər hansı bir yolla əldə edin.
Faiz ödənişi
Mən 20 ilə yaxındır ki, avtomobil hissələrinin satışı ilə məşğul olan bir ticarətçiyəm. Lakin təmirçilərə faiz ödəmədiyim üçün müxtəlif maddi problemlərlə üzləşmişəm. Həzrət ustaddan xahiş edirəm ki, avadanlıq satışından əldə olunan mənfəətdən təmirçilərə faiz ödəmək barəsində öz mübarək nəzərinizi bildirəsiniz. (Əlavə olaraq nəzərinizə çatdırıram ki, satıcıların, habelə təmirçilərin, eləcə də şirkətlərdə, təşkilatlarda və idarələrdəki alğı-satqı nəzarətçilərindən ibarət olan istehlakçıların əksəriyyəti, təmirçi və alğı-satqı nəzarətçisi tərəfindən protokol və siyahı hazırlanması və satıcı tərəfindən ona müəyyən məbləğdə pul ödənilməsi haqqında öncədən təyin olunmuş müqavilə tənzim etmişlər.) Bu iş mənim ticarətimdə həddən artıq kasadlığa və böhrana səbəb olmuşdur. Buna görə ki, onun şəri şübhəsindən qorxduğumdan indiyə kimi faiz adı ilə heç kimə bir rial belə ödəməmişəm.
Sizin bu işiniz bir şəkildə səhihdir ki, satıcı malın qiymətinə bir şey artırmadan, öz adi mənfəətlərindən bir hissəsini vasitəyə təhvil versin. Məsələn, malı adətən 10 faizlə satırlar, lakin bu halda on faiz mənfəətin bir hissəsini vasitəyə təhvil verirlər. Amma məbləğdən əlavə qeyri-həqiqi faktura tənzim etmək, haramdır və Allah taala ruzi verəndir.
Müamilə fikrindən dönməyin müqabilində pul ödəmək
Bir ticarət sahibi başqa bir ticarətçiyə təklif edir ki, filan məntəqədə pendir, buğda və ya qarğıdalı alverindən kənara çəkilsən, mən sənə filan məbləğdə pul verəcəyəm. Bunu belə izah etmək olar ki, əvvəllər dənli bitkilərdən və süd məhsullarından istifadə etmək illər boyu Zeydin öhdəsinə idi və belə müamilələrin mənfəətlərini o qazanırdı. İndi öz xəyalında ehtimal verilən bu kimi gəlirləri Əmrlə müamilə edir və mənfəətini Əmrə həvalə edir. Bu müamilə şəri baxımdan caizdirmi?
Onun həqiqətdə o pulu almaqla öz azad fəaliyyətindən kənara çəkildiyini nəzərə alsaq, maneəsi yoxdur.