Fond tərəfindən zəhmət haqqı almaq
Bir neçə nəfər bir-birinin köməyi və həmkarlığı ilə xeyriyyə fondu təşkil etmiş və üzv olan şəxslərə borc pul verirlərsə, onlardan əmək haqqı adı ilə alınan faizlər halaldırmı? Əlavə etmək lazımdır ki, belə bankların məvacib verilməsi lazım olan bir işçisi yoxdur. Buna görə də əldə olunan gəlir, halal olmaq şərti ilə hansı yerlərdə istifadə oluna bilər?
Əmək haqqı deyəndə, bankın və ya xeyriyyə fondlarının işçilərinə və s.-ə məvacib adı ilə cari hesabların saxlanılması, qorunması və göstərdikləri sair xidmətlər üçün çəkdikləri zəhmət müqabilində verilən zəhmət haqqı nəzərdə tutulur. Belə ki, bu məqsədlə artıq məbləğ alınaraq, məvacib adı ilə işçilərə və digər məxariclərə sərf olunarsa, maneəsi yoxdur. Lakin yazdığınız şəkildə işkalı vardır.
Nəfəqə şamil olan hallar
Adətən qadınların hamısının ehtiyacı olan şeyləri nəfəqə olaraq arvadı üçün tədarük etmək ərə vacibdirmi? Yoxsa yalnız yemək, ev və paltar vacibdir?
Həqiqi mənada ehtiyac duyulan və kişinin almağa imkanı çatan şeylər, kişiyə vacibdir.
İndiki zamanda ənfalın hökmü
Ayələrin və hədislərin zahirinə əsasən ənfal, dünyanın hər yerində olan bütün səhralara, çöllərə, dağlara, meşələrə, dənizlərə və s. şamil olur. Lakin hazırkı şəraitdə beynəlxalq coğrafi sərhədlər bütün ölkələr tərəfindən qəbul olunduğu halda, ənfal da bu sərhədlər çərçivəsində məhdudlaşırmı?
Ənfal hədislərinin zahiri mənası, hətta onların əksəriyyətinin aşkar buyruqları göstərir ki, yer üzündə olan bütün mənfəətlərə şamil olur. Lakin aydındır ki, İslam hakimi və vəliyyi-fəqih müsəlmanların məsləhətlərinə müvafiq olaraq beynəlxalq qanunları nəzərə ala bilər.
Vəfat etmiş şəxsin malının üçdə birinin istifadəsi üçün ən yaxşı yol
Bir şəxs vəsiyyət etmişdir ki, “mənim əmlakımın üçdə birini Quran və sünnətə əsasən ən yaxşı sayılan və ondan yaxşısı mümkün olmayan yerdə xərcləyin”. Sizin bu barədə mübarək nəzəriniz nədir? Onun pulu harada xərclənsin?
Elmi-dini hövzələr üçün və bu hövzələrdə tədrislə, təbliğlə, xalqın irşadı ilə, əmr be məruf və nəhy əz münkər ilə məşğul olan təqvalı insanlar üçün xərcləyin. Hədisdə deyilir ki: وما اعمال البرّ کلّها و الجهاد فى سبیل الله، عند الامر بالمعروف والنهى عن المنکر، الا کنفثه فى بحر لجّى “Yaxşı və saleh əməllərin hamısı, (hətta) Allah yolundan cihad belə, əmr be məruf və nəhy əz münkərin müqabilində ağız suyunun dərin okeanın müqabilində olduğu kimidir.”
Başqalarının otlaq sahəsindən istifadə
Kənd əhalisini arasında əkin sahələri olmayan və ya əkin sahəsi çox kiçik olan bir qrup sakin kəndin hərimini (ümumi torpaqlarını) öz aralarında bölüşdürmüşlər. Sual budur ki, torpağı olmayan və yaxud az torpaq çatan şəxslər torpağı çox olan sakinlərin örüşündən istifadə edə bilərlərmi?
Əgər torpağı bölüşdürmüşlərsə və bölgü ilə razılaşmışlarsa, ona müvafiq olaraq əməl etməlidirlər. Onların hər birinin payı yerli əhalinin bu barədə adətinə uyğun olaraq olmalıdır.
Yol qəzasında təqsirli bilinənlər arasında diyənin bölüşdürülməsi
Yol qəza hadisələrinin birində minik avtomobili yük maşını ilə toqquşaraq yolun ortasında dayanır. Arxadan gələn avtobus da minik avtomobili ilə toqquşur. Birinci hadisədə minik avtomobilinin sürücüsü, ikinci hadisədə isə avtobus sürücüsü təqsirli bilinir. Qeyd etmək lazımdır ki, minik avtomobilinin sərnişinlərinin hamısı bu hadisədə dünyasını dəyişir. Onların ölümlərinin əsas səbəbinin birinci, yoxsa ikinci yol qəzasının olması dəqiq məlum deyil. Belə halda hökm necə olacaqdır?
Minik avtomobilinin sərnişinlərinin diyəsi avtobus sürücüsü ilə minik avtomobilinin sürücüsü arasında bölünməlidir. Yəni, onun əlli faizi minik avtomobilinin qalan əmlakından götürülməlidir, digər əlli faizini də avtobus sürücüsü ödəməlidir.
Qızların həddi-buluğ yaşları
Qızların həddi-buluğ yaşı və şərtləri, habelə şəri vəzifələri barəsində nəzəriniz nədir?
Qızlar 9 qəməri ili tamam olandan sonra baliğ olurlar. Lakin zəiflik üzündən oruc kimi bəzi vəzifələrini yerinə yetirə bilməsələr onlardan götürülür. Onun yerinə hər gün üçün bir müdd yemək (təxminən 750 qram buğda və buna bənzər şeylər) fəqirə verirlər.
Bir məntəqədən köçüb-gəlmiş insanların başqa məntəqədə şərik olmaları
250-300 ailə başqa bir vilayətdən bir məntəqəyə köçürlər və orada daimi olaraq məskunlaşırlar. Onlar bu məntəqənin keçmiş həriminin (ümumi torpaqlarının) mənafeyində də şərikdirlərmi?
Onlar yerli camaatın ümumi rəyinə (ürfünə, adətinə) uyğun olaraq əməl etməlidirlər.
Qadınlarda məninin ayırd edilməsi
Qadınların məni xaric olmaqla cünub (cənabətli) olmasında kişilər üçün deyilən şərtlər lazımdırmı?
Qadında sıçrayışla xaric olması lazım deyil. Hətta əgər rütubət cinsi şəhvətin ən yüksək həddinə çatan zaman gəlsə məni hökmündədir.
Talaq şübhəli olan hallarda nəfəqə
Bir şəxs öz arvadına ixtiyar verib ki, onun tərəfindən bir nəfəri talaq üçün vəkil tutsun. Müəyyən vaxt keçsə də, qadın onu talağın oxunub oxunmadığından xəbərdar etməyib. Bu müddətdə nəfəqə vermək ərə vacibdirmi? Ər bu qadını öz arvadı olaraq qəbul edə bilərmi?
Nə qədər ki, talağın oxunması şəklidir, qadın onun arvadı hökmündədir.
Kənd ətrafından yığılan odundan istifadə etmək
Məntəqələrin birində belə bir adət var ki, hər kəs dağın bir yerinin otunu mal-heyvan saxlamaq üçün biçirsə, o yerin otlarının sahibi hesab olunur. Otların mülkiyyətinin sübuta yetməsini fərz etsək, o sahənin odunlarının da sahibinə çevrilirmi?
Əgər o torpaqlar kəndin və ya müəyyən yaşayış məntəqəsinin hərimidirsə (ümumi torpaqlarıdırsa), o məntəqə əhalisinin onu (torpaq sahəsini) öz aralarında bölüşdürməyə haqları var. Bölgüdən sonra onların hər birinin oranın otunu biçməyə və odununu yığmağa haqları var. Əgər hərimi deyilsə, o halda buna haqları çatar ki, oranı özləri üçün ayırmış və yaxud əlamət qoyub ətrafına daş düzmüş olsunlar.
Vələdüzzinanın nəfəqəsi
Vələdüz-zinanın nəfəqəsi kimin öhdəsindədir?
Zina edən kişinin öhdəsindədir.
Atanın icazəsi olmadan icra olunan müvəqqəti nikah
Bir qızın bir kişi ilə müəyyən münasibətləri olmuşdur. Məsələn, ikisi də bir yerdə işlədiklərinə və ya təhsil aldıqlarına görə o kişi, məhrəm olmaları və günaha düşməməkləri üçün, atasının icazəsi olmadan bu qızı öz müvəqqəti əqdinə keçirmişdir. Buna baxmayaraq, yalnız məhrəm olmaqla kifayətlənməmiş, aralarında toxunmaq və öpüş də olmuşdur. Bütün bunları nəzərə alaraq aşağıdakı iki suala cavab verin:1) Bu iki nəfər günah iş görmüş və günaha batmışlarmı?2) Qızın anası bu kişiyə məhrəm olubmu?
1) Belə bir əqd işkalsız deyil və onlar bir-birləri ilə naməhrəm kimi davranmalıdırlar. Habelə, ehtiyata riayət etmək üçün kişi qalan müddəti bağışlamalıdır. 2) Anası barədə də ehtiyat etməlidir.
Vəsiyyətnamə tənzimlənən zaman varislərin iştirakı
Sülhnamə (razılıq sənədi) və yaxud vəsiyyətnaməni tənzim edərkən varislərin hamısının orada olması vacibdirmi?
Varislərin orada hazır olmaları vacib deyil, lakin vəsiyyət əmlakın üçdə birindən artıq hissəsinə aid olarsa, artıq hissə üçün varislərin razılığı şərtdir.