Cəddə şəhərindən ehram
Cəddə şəhərindən təməttö ehramı caizdirmi?
Cəddə şəhərinin miqatların heç biri ilə bərabərliyi (paralelliyi) qəti olmadığına görə, ehram üçün ya miqata ya da miqatla bərabər (paralel) olan məkanlara getmək lazımdır. Bunların heç biri mümkün olmasa ehtiyat edərək nəzirlə ehram bağlaya, sonra ehtiyata əsasən Hərəmin başlanğıcında yenidən ehram bağlaya bilər.
Fitr axşamı bihuş olan şəxsin fitrəsi
Bir şəxs Fitr bayramının axşamında gün batan vaxtda bihuş olsa, fitrə zəkatı boynundan götürülürmü?
Bihuş olmaq fitrə zəkatının öhdədən götürülməsinə səbəb olmur.
Yaşayış evinin xümsü
Yaşayış evini bir zaman az qiymətə almışam ki, indi onun qiyməti bahalaşıb. Qiymətin artan hissəsinə xüms düşürmü?
Yaşayış evinin qiyməti nə qədər artsa da, xümsü yoxdur.
Qatar və gəmidə qiblənin dəyişməsi
Gəmi və qatar hərəkət edərkən onrarın içində namaz qılan şəxslər qiblədən dönsələr vəzifələri nədir?
Dərhal üzlərini qibləyə tərəf döndərməlidirlər.
Torpaq sahəsinin pulunun qalan məbləğinin günün qiyməti ilə ödənilməsi
Bir şəxs torpaq sahəsini 130 min tümən məbləğinə satmışdır. Alıcı isə bu məbləğin yalnız 50 min tümənini satıcıya təhvil vermişdir. İndi on dörd il keçəndə sonra torpaq bahalanmış və müştəri torpağın sahibi olduğunu iddia edir. Halbuki, birinci gündən bəri, torpaq sahəsinin dəyərinin əsas hissəsi olan 80 min tüməni torpaq sahibinə təhvil verməmişdir. Nəticədə torpağı satan iddia edir ki, “pulun təxiri” ixtiyar haqqına əsasən, hətta pulun ödənilməməyi səbəbindən əmlak qayıtmış və özünə məxsusdur. Müştəri də iddia edir ki, əmlak bütövlükdə ona məxsusdur. Məsələnin hökmü necədir?
Təxir ixtiyarı belə hallara aid deyil. Torpaq sahəsi müştəriyə məxsusdur. Lakin bu müddətdə torpaqların qiyməti arasında böyük fərq yarandığına görə ehtiyat vacib budur ki, 80 min tümən məbləğində pulun əvəzini torpaq sahələrinin bugünkü qiymətini nəzərə almaqla versin və yaxud satıcını razı salsın
Karvan xidmətçilərinin hərəmdən kənara gedib-gəlmələri
Məkkeyi-Mükərrəmədə ət verilən məkan təxminən Tən’im məscidindən 1 kilometr məsafədə yerləşir. Xidmətçi qrupların karvanlara ət almaq üçün həmin məntəqəyə gedib-gəlməyə məcbur olduqlarını nəzərə alsaq, onların təməttö ümrələri və ya vacib həcləri işkallı olurmu? Bu məsələnin hökmü müstəhəbbi və ya naib ilaraq həcc yerinə yetirənlər üçün necədir?
Təməttö ümrəsini yerinə yetirəndən sonra belə məntəqələrə gedib gələ bilər. Müfrədə ümrədə isə, əgər ümrəni yerinə yetirdiyi ay qurtarmamış, xaric olub qayıtsa, ümrəni təkrar etmək lazım deyil. Amma sonrakı ayda qayıtsa sözü gedən Tənim məscidində ehram bağlayıb ümrə yerinə yetirməlidir.
Meyitin xüsusi libasla dəfn olunması
Livanda bəzi müsəlmanlar vəsiyyət edirlər ki, onları toy libasında dəfn etsinlər. Belə vəsiyyət etmək caizdirmi? Caizdirsə, bu vəsiyyətə əməl etmək vəsiyə lazımdırmı?
Əgər o libasda kəfənin şərtləri varsa və ya üçlük kəfəndən əlavə olarsa, israf sayılacaq qədər çox bahalı paltar olmasa, caizdir.
Nəcis xəmirin paklanması
Nəcis olmuş xəmiri necə paklamaq olar?
Zahirən bunun diqqətə layiq bir yolu yoxdur.
Saflaşdırılmış tullantı (kanalizasiya) sularının paklığı
Çirkab, kanalizasiya və bu kimi sular sexlərdə və zavodlarda təmizlənəndən və saflaşdırılandan sonra pakdırmı?
İşkalı var. Lakin cari və kürr suyuna kifayət qədər qarışsa, eybi yoxdur.
Qəbiristanlığın torpağının mübahlığında tərəddüd
Şəhərlərin birində bələdiyyə idarəsi geniş şəhərsalma layihəsində yaşıllaşdırmaq obyekti kimi nəzərdə tutulan bir torpaq sahəsini qanuna əsasən satın almış və öz mülkiyyətinə keçirmişdir. Bu torpaq sahəsi şəhərin şəhidlər xiyabanı ilə qonşu olduğuna görə qanuni icazə alandan sonra onun bir hissəsi şəhidlərin dəfn olunması üçün ayrılmışdır. İndiyə kimi orada Müqəddəs Vətən Müharibəsində həlak olmuş 50-yə yaxın şəhid dəfn olunmuşdur. Bəzi şəxslər bu məkanın mübah olması barədə şübhə yaradırlar. Bu məsələnin şəriət hökmü necədir?
Sözü gedən torpaq sahəsi sahibsiz idisə, bunun eybi yoxdur. Habelə sahibi olan abadlaşdırılmış torpaq idisə və bələdiyyə idarəsi onu şəriət qanunlarına əsasən öz mülkiyyətinə keçirmişdirsə, yenə də eybi yoxdur. Əks halda ölülərin orada dəfn olunması caiz deyil.
Karvan işçilərinin hərəmdən kənara gedib-gəlmələri
Təməttö ümrəsindən sonra həcc karvanının məsul işçiləri hacıların çadırlarını təyin etmək və onların azuqələrini aparmaq üçün bir neçə dəfə təməttö həccinin ehramı olmadan Ərəfata və Minaya gedib gəlirlər. Onların hökmünü bəyan edin?
Caizdir. Əgər məşəqqəti olmasa, həcc ehramı bağlasınlar.
Qadının ictihadı
Qadın İslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi?
Maneəsi yoxdur. İctihad məqamına çatması mümkündür.
Məşərdən çıxarkən ərin arvadı ilə yanaşı olması
Bayram axşamı, gecə yarısından sonra qadınları Minaya aparırlar. Qadını ilə o qrupda olan kişi, öz xanımı ilə birgə Minaya gedə bilərmi?
Əgər xanımı ilə bir yerdə olması zəruridirsə, caizdir, əks halda caiz deyil.