Namaz vaxtının darlığında dəstəmaz alan şəxs
Məsələ 303: Namazın vaxtı dar olduqda vəzifəsi təyəmmüm olan şəxs dəstəmaz alsa, dəstəmazı batil deyildir. Amma xilaf iş görmüşdür.
Məsələ 303: Namazın vaxtı dar olduqda vəzifəsi təyəmmüm olan şəxs dəstəmaz alsa, dəstəmazı batil deyildir. Amma xilaf iş görmüşdür.
Məsələ 304: 7. (Yeddinci şərt) İnsan Allaha yaxınlaşmaq məqsədi ilə dəstəmaz almalıdır. Riyakarlıqla, özünü göstərmək məqsədilə, ya da sərinləşmək üçün alınan dəstəmaz batildir. Amma Allahın əmrini yerinə yetirmək üçün dəstəmaz alan şəxs sərinləşəcəyini bilərsə bunun eybi yoxdur.
Məsələ 305: Dəstəmazda niyyəti dilə gətirmək və ya qəlbdən keçirmək vacib deyil. Əgər dəstəmaz alan şəxsdən nə iş gördüyü soruşulanda dəstəmaz aldığını bilərsə, bu kifayat edər.
Məsələ 306: Qadın naməhrəmlərin gördüyü yerdə dəstəmaz alarsa dəstəmazı batil deyil, amma günaha yol vermişdir.
Məsələ 307: 8. (Səkkizinci şərt) Dəstəmazda “tərtibə”, yə’ni ardıcıllığa riayət olunmalıdır. Öncə üz, sonra sağ qol, daha sonra sol qol yuyulmalıdır. Bundan sonra başa və sonda ayaqlara məsh çəkilir. Vacib ehtiyata əsasən, sol ayağa sağ ayaqdan öncə məsh çəkilməməlidir.
Məsələ 308: 9. (Doqquzuncu şərt) Dəstəmazdakı əməllər elə yerinə yetirilməlidir ki, onların ardıcıl yerinə yetirildiyi deyilsin. Belə etsə dəstəmaz düzgündür. Havanın istiliyi və külək dəstəmaz üzvünü qurutsa da dəstəmaz düzgündür. Məsələn, sağ qolunu yuduğu vaxt üzü quruyarsa, dəstəmaz düzgündür. Amma dəstəmaz əməllərini fasilə ilə yerinə yetirərsə dəstəmaz üzvləri havanın soyuqluğuna görə qurumasa belə dəstəmazı batildir.
Məsələ 309: Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur. Üzü və qolları yuduqdan sonra bir neçə addım atıb sonra baş və ayaqlara məsh çəkmək olar.
Məsələ 310: 10. (Onuncu şərt) İnsan üzünü və qollarını özü yumalı, başına və ayaqlarına özü məsh çəkməlidir. Bu şərt “mübaşirət” adlanır. Əgər insan üçün bir başqası dəstəmaz alarsa, suyun üzə və qollara çatdırılmasında, başa və ayaqlara məsh çəkilməsində başqa birisi kömək edərsə dəstəmaz batildir. Amma dəstəmaza hazırlıqda kömək etməyin eybi yoxdur.
Məsələ 311: Özü dəstəmaz almağa qadir olmayan şəxs bir başqasının köməyindən istifadə etməlidir. Dəstəmaza kömək edən şəxs muzd istəsə güc çatarsa muzd verilməlidir. Amma insan dəstəmazın niyyətini özü etməli, öz əli ilə məsh çəkməlidir. Əgər özü bu işi bacarmasa, bir başqası onun əlindən tutub məsh yerinə çəkməlidir. Bu da mümkün olmasa, şəxsin əlindəki rütubətdən götürüb həmin rütubətlə başına və ayağına məsh çəkmək lazımdır. Amma belə bir vəziyyətdə vacib ehtiyat budur ki, təyəmmüm də etsin.
Məsələ 312: İnsan dəstəmazın təklikdə yerinə yetirə biləcəyi əməlində başqasının köməyindən istifadə etməməlidir.
Məsələ 313: 11. (On birinci şərt) Sudan istifadədə hər hansı bir maneə olmamalıdır. Əgər dəstəmaz alan şəxs suyun zərərindən qorxarsa və ya sudan dəstəmaz üçün istifadə edəcəyi təqdirdə susuz qalacağından ehtiyatlanarsa, təyəmmüm etməlidir.
Məsələ 314: Əgər insan dəstəmaz aldıqdan sonra suyun zərərli olduğunu başa düşərsə, dəstəmazı düzgündür.