Həyat yoldaşına qeyri-qanuni əlaqədə olması barədə böhtan atmaq
Əgər bir kişi öz arvadına, (başqa bir kişi ilə) qeyri-qanuni əlaqədə olması barədə böhtan atarsa və öz iddiasını ədalətli və səlahiyyətli məhkəmədə sübuta yetirə bilməzsə:1) Öz arvadı ilə yenidən həyatına davam etmək bu kişiyə caizdirmi?2) Qadının öz əri ilə yaşamağına davam etməsi, şəri baxımdan vacibdirmi?3) Belə bir şəraitdə qadın ona talaq verilməsini tələb edə və mehriyə, cehiz və digər əmlakı daxil olmaqla öz haqq-hüququna çata bilərmi?
1) Əgər bu əlaqəni gördüyünü iddia etməsə, heç bir təntənə olmadan onunla həyatına davam edə bilər. Lakin ona atdığı bu böhtana görə qadın, şəriət hakimindən həddi-qəzf (yersiz iddiaya görə cəza) icra etməsini istəyə bilər (onun həddi, yəni cəzası 80 şallaqdır). Yaxud da onu bağışlaya bilər. 2) Bəli, əri ilə yaşamağına davam etməsi lazımdır. 3) Əgər əri talaq verməyə razı olsa, eybi yoxdur.
Zinanı sübut etmək üçün tibbi ekspertizanın rəyi
Şəriət hakimi zinanı və yaxud livatı sübuta yetirmək üçün ekspert həkimin verdiyi qərara əsaslana bilərmi? Yəni, dəqiq elmi analiz üçün müttəhimləri ekspert həkimin müayinəsinə göndərə bilər, yoxsa belə hallarda cəzanı tətbiq etmək üçün dəlilləri şəxsən özünün görməsi lazımdır?
Ekspertizanın qərarı təklikdə kifayət deyil.
Şəhər və qəbilələrin adət-ənənələri barəsində danışmaq
İranın və digər ölkələrin kəndlilərinin, şəhərlilərinin, müxtəlif tayfalarının adət-ənənələri, söz, hərəkət və geyim tərzləri, zahiri şəkilləri, ədalı hərəkətləri barəsində söhbət etmək qeybət sayılırmı?
Əgər eyib axtarmaq və ələ salmaq məqsədilə olmasa, eybi yoxdur.
Boğaz və yanaqların tüklərini qırxmaq
Üzün, boğazın və yanaqların tüklərini ülgüclə və ya elektrik maşınlarla qırxmağın hökmü nədir?
Üzün tüklərini (bu şəkildə) qırxmağın işkalı var. Lakin yanaq və boğazın tüklərini qırxmağın işkalı yoxdur.
Zinanın haramlığının zati və yaxud ərəzi olması
Zinanın haramlığı zatidir yoxsa ərəzi?
Əgər “zati” dedikdə məqsədiniz zinanın haramlığının onun ziyanlı nəticələri ilə heç bir əlaqəsi olmamağıdırsa, (yəni zina ziyanlı nəticə versə də, verməsə də haramdır) cavab budur ki, bəli, zinanın haramlığı zatidir.
Zina edən kişi və qadını sürgün etmək
Zinakar qız və oğlanın öz yaşadıqları məkana qayıtması oranın əhalisi arasında fəsad və mübahisəyə səbəb olarsa, onları başqa bir yerə sürgün etmək olarmı?
Onların öz məntəqəsində qalmaları fəsada səbəb olacaqsa, digər məntəqələrə göndərmək olar.
Vələdüzzina
Zinadan əmələ gəlmiş uşaq şəri övladın hökmündədirmi?
Zinadan doğulmuş uşaq bir çox hallarda məsələn, saxlayıb-böyütmək, xərclərini vermək və sair bu kimi hökmlərdə şəriət baxımından qanuni uşağın hökmündədir. (İrs məsələsi kimi müstəsna olmasına sübut-dəlil olan hallardan başqa.) Buna görə də məhrəmlik, böyüdüb boya-başa çatdırmaq və tərbiyələndirmək kimi hökmlərin hamısı vələduz-zinada var. Təkcə irs ona çatmır.
Saqqalı qırxmağın bədən üzvlərini kəsmək olduğunu deyən hədislərin mənası
Saqqalı qırxmağın müslə – bədən üzvlərini kəsmək olduğunu bəyan edən bəzi rəvayətlər, saqqalı qırxmağın haram olmasını isbat etmirmi?
Bu hədislərin bir şəxsin zorla digər şəxsin saqqalını qırxdığı hallara məxsus olduğu ehtimalı var. Amma əgər onun razılığı ilə qırxarsa, hərçənd ehtiyat vacib bunu etməmək olsa da, “bədən üzvünü kəsmək” ünvanına daxil deyil.
İşə girmək üçün rüşvət vermək
Rüşvət vermədən işə götürülmə mümkün olmasa, hansısa bir müəssisədə işə götürülmək üçün rüşvət vermək caizdirmi?
Əgər pulu verməklə haqqı batil və batili haqq qələmə verməsə, kiminsə haqqını və ya növbəsini tapdalamasa, eybi yoxdur və rüşvət sayılmır. Lakin bu işi görmək, pulu alan adamın vəzifəsi olsa, (pulu almaq) haramdır.
Xəyali hekayələr
Quraşdırılan, kökündən yalan olan və heç bir həqiqəti olmayan (lakin müsbət təsir qoymaq üçün oxuculara və dinləyicilərə təqdim olunan) dastan və hekayələrin, müqəddəs İslam şəriəti baxımından hökmü nədir?
Onların xəyali olmalarına dair bir qərinə (nişanə) olsa, maneəsi yoxdur.