Quranı öyrənmək istəməyən uşağı cəzalandırmaq
Ata öz övladını, Quran öyrənməkdən boyun qaçırdığına görə tənbeh edə bilərmi?
Bunu təşviq yolu ilə etməsi, daha yaxşıdır.
Azyaşlı uşağın anasının qəyyum olması
Azyaşlı (səğir) uşağın (ata tərəfdən olan) babası olmasa, anası şəriət hakiminin icazəsi ilə onun qəyyumu ola bilərmi?
Şəriət hakiminin icazəsi ilə maneəsi yoxdur.
Yaxınlıq olmadan hamilə olan naməhrəm qadın
Bir kişi naməhrəm bir qadınla bədənlərini bir-birinə sürtsələr, məni gəlsə və duxul baş vermədən qadın hamilə olsa, uşağın və doğuşla aradan gedən bakirəliyin hökmü nədir?
Əgər məni gəlməyəcəyinə əmin idisə, onların uşaqlarının vələdüş-şübhə qəbilindən olması ehtimalı uzaq deyil. Lakin məni gələcəyinə ehtimal verirdisə, məsələ işkalsız deyil. Mehrul-misl barəsində isə, qadın öz meyl və razılığı ilə buna razı olmuşdursa və bu işin baş verəcəyini də ehtimal verirdisə, mehrul-misli yoxdur. Əgər ehtimal vermirdisə və sürtməkdən əlavə bir şeyə razı olmamışdırsa, mehrul-misl vermək ehtiyat vacibdir. - Əqd oxunmadan, sadəcə razılıq əsasında olan və ya əqd oxunmadan yazılı baş verən.
Yenidən ərə getdiyi təqdirdə ananın azyaşlı uşağı saxlaması
Bir oğlan uşağı olan şəhid arvadı neçə illər keçəndən sonra ərə getmişdir. Şəhidin atası deyir ki, mən bir vəli olaraq nəvəmin yad evdə qalmasına icazə vermirəm. Çünki bu uşağın hal-hazırda 5 yaşı var və onu tərbiyə edib qayğısına qalmaq və böyütmək mənin vəzifəmdir. Anası da deyir ki, mən bir ana kimi onun qayğısına qalacağam. Şəriət baxımından onlardan hansı irəlidir?
Uşağı həddi-buluğa çatana qədər saxlamaq və onun qayğısına qalmaqla bağlı, hətta ərə getsə belə, anası babasından irəlidir. Lakin onun əmlakına qəyyumluq cəhətindən isə babası irəlidir və ananın uşağın əmlakına heç bir vilayəti yoxdur.
Qadının ərə gedəndən sonra uşağa baxmaq hüququ
Yenidən evlənmək vasitəsilə uşağa baxmaq (uşağı öz himayəsində saxlamaq) hüququnun qüvvədən düşməsində müvəqqəti evlənmə ilə daimi evlənmə arasında fərq varmı? Qadın öz ikinci ərindən talaq alarsa, ərə getməklə itirdiyi himayə (övladını himayə) hüququnu yenidən qaytara bilərmi?
İstər daimi evlilik olsun, istərsə müvəqqəti, ərə getdiyi zaman qadının uşağa baxmaq hüququ qüvvədən düşür. Amma müvəqqəti evliliyin müddəti qısa olsa, yalnız bu halda qüvvədən düşmür. İkinci ərindən talaq aldığı təqdirdə isə, uşağı saxlamaq hüququ ona qayıtmır. Baxmayaraq ki, ərlə arvadın bu barədə razılığa gəlməsi ehtiyat müstəhəbdir.
Vələdüzzina
Zinadan əmələ gəlmiş uşaq şəri övladın hökmündədirmi?
Zinadan doğulmuş uşaq bir çox hallarda məsələn, saxlayıb-böyütmək, xərclərini vermək və sair bu kimi hökmlərdə şəriət baxımından qanuni uşağın hökmündədir. (İrs məsələsi kimi müstəsna olmasına sübut-dəlil olan hallardan başqa.) Buna görə də məhrəmlik, böyüdüb boya-başa çatdırmaq və tərbiyələndirmək kimi hökmlərin hamısı vələduz-zinada var. Təkcə irs ona çatmır.
Qeyri-qanuni övlada baxmaq haqqı
Zinadan doğulmuş uşaq zinakar kişiyə verilməlidir, yoxsa zinakar qadına?
Saxlamaq və ona baxmaq nöqteyi-nəzərindən halalzadə uşaq kimidir.
Vələdüzzinanı uşaq evinə tapşırmaq
Zinadan doğulmüş uşaq zinakar qadına (anasına) verilərsə, fəsadla nəticələnə və o kənddə bir sıra mömin insanın adına ləkə gətirə bilər. Amma müqəddəs şəriət və ya dövlət qanunu bu uşağı, uşaq evinə təhvil versə, həm fəsad azalmış olar, həm də bir neçə möminin abrı qorunar. Bu məqamda vəzifə nədir?
Belə hallarda şəriət hakimi qərar çıxarmalı və fəsad yaranarsa, onun qarşısını almalıdır.
Pis yola düşmüş ananın uşaqları saxlamaq haqqı
Əgər bir şəxs özünün qeyri-qanuni əlaqəsi olan və 75 şallaq zərbəsinə məhkum edilən pozğun arvadına talaq versə və üç yaşında qızı da varsa, müqəddəs şəriət baxımından bu pozğun qadın uşağı saxlamağı öz öhdəsinə götürə bilərmi?
Əgər uşağın pozulmaq (tərbiyəsiz böyümək) təhlükəsi varsa, uşağı belə anaya tapşırmaq olmaz.
Atanın uşağı tərbiyə etmək hüququnun götürülməsi
Əgər uşağı saxlamaq (hizanət) hüququna əməl etmək, digərinin həddən artıq məşəqqətə düşməsinə səbəb olarsa, məsələn, uşağı iki ildən sonra anasından alıb ataya təhvil verməyin, onun dözülməz bir məşəqqətə düşməsinə səbəb olarsa, – bu məşəqqət adətən analara aid olan ayrılıq dərdinin üstünə əlavə olur – yaxud da uşağı saxlamaq hüququna əməl etmək əxlaqi problem və fəsada səbəb olarsa və uşağın əxlaqsızlığa düşmək (tərbiyəsiz böyümək) təhlükəsi yaranarsa, bu halda uşağı saxlamaq hüququ yenə də öz qüvvəsindədir, yoxsa məşəqqət və fəsad hökmü ilə qüvvədən düşəcəkdir?
Şəriət hakimi uşağın atasının yanında qalacağı təqdirdə fəsad və pozğunluqla üzləşəcəyini müəyyən etsə, onun uşağı saxlamaq hüququ öz qüvvəsindən düşəcəkdir.